Dünyanın 130 ölkəsinin təmsilçiləri Ankarada bacarıqlarını nümayiş etdirir . Ankara şəhərində IX Beynəlxalq Türk dili Olimpiadası keçirilir. Dünyanın 130 ölkəsinin qatıldığı olimpiada çərçivəsində iştirakçı dövlətlərin tarixi, mədəniyyəti, mətbəxi və digər milli dəyərlərini özündə əks etdirən sərgi keçirilir. Sərgi ilə tanışlıqdan sonra jurnalistələrə müsahibə verən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov olimpiadanın çox yüksək səviyyədə təşkil edildiyini söyləyib. Azərbaycan stendinin böyük bir marağa səbəb olduğunu söyləyən səfir azərbaycanlı şagirdlərin olimpiadaya qatılmasını yüksək qiymətləndirib. Cari ilin Azərbaycanda "Turizm ili" elan edildiyini xatırladan F.Bağırov əlavə edib ki, bu tədbir Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək. Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən xatırladıb ki, ilk dəfə bu olimpiadaya 17 ölkə ilə başlanıb. Ə.Özərən qeyd edib ki, olimpiadaya qatılan şagirdlər Azərbaycanda Təhsil Nazirliyi ilə birgə təşkil edilən 3 mərhələlik müsabiqədə uğur qazananlardır. O, olimpiadanın 9 nominasiya üzrə keçirildiyini qeyd edib. Keçirilən sərgidə Azərbaycanın ən böyük stendinin qurulduğunu vurğulayan Ə.Özərən stendlərdə ölkəmizin tarixi, mədəniyyəti, onun bugünkü inkişaf dövrünü göstərən şəkillərin nümayiş olunduğunu söyləyib. Ə.Özərən ümid etdiyini bildirib ki, bu olimpiadalar gələcəkdə həmçinin ölkələr arasında isti münasibətlərin yaranmasına və dünyada barışın meydana gəlməsinə öz töhfəsini verəcək. Azərbaycan
...